Gələn ilin büdcəsi: Əsas məsələ həcm deyil... | TƏHLİL

 Gələn ilin büdcəsi:  Əsas məsələ həcm deyil...    | TƏHLİL
  01 Noyabr 2023    Oxunub:2255
Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət büdcəsinə dair açıqladığı rəqəmlərə Nazirlər Kabinetində baxıldıqdan sonra 408,8 milyon manat artırılıb. Beləliklə də, gələn ilin dövlət büdcəsinin gəlirləri 34 173,0 milyon manat, xərcləri isə 36 763,0 milyon manat təşkil edəcək. Nazirliyin rəqəmləri isə müvafiq olaraq 33 765 və 36 355 milyon manat təşkil ediri. Bu isə o demək idi ki, növbəti ilin dövlət büdcəsi əvvəlki ildəkinə nisbətən az olacaq (2023-cü il dövlət büdcəsinin gəlirləri ilin ortasında dürüstləşdirildikdən sonra 33 890,5 milyon manata, xərcləri isə 36 624,8 milyona manata çatdırılmışdı).
Lakin Nazirlər Kabinetinin 408,8 milyon manat artım qərarı vəziyyəti dəyişdirdi. Növbəti ilin dövlət büdcəsi də hər il olduğu kimi özündən əvvəlki ildəkindən həcm nöqteyi-nəzərindən artıq olacaq. Ancaq bu dəfə çox cüzi səviyyədə... Yeri gəlmişkən, Nazirlər Kabineti tərəfindən 2024-cü ilin dövlət büdcəsi layihəsinə baxıldıqdan sonra gəlirlər üzrə artırılan 408,0 milyon manat məbləğ dövlət şirkətləri hesabına ödəniləcək.

Əsas sual odur ki, 2024-cü ilin dövlət büdcəsi əvvəlki illərdəkindən fərqli olaraq, nəyə görə az artacaq? Gəlir ilə xərclərin arması müvafiq olaraq heç 1% təşkil etmir.

Məsələ bundadır ki, ölkədə normal iqtisadiyyat yarandıqca dövlət büdcəsinin həcmi azalacaq. Çünki bizdə büdcəni şişirdən neft-qaz faktorudur. Orta perespektivdə isə gəlirlər qeyri-neft-qaz sektorunun hesabına formalaşacaq, formalaşmalıdır da. Bunun üçünsə büdcə-fiskal siyasətində stimullaşdırıcı amillər getdikcə daha çox rol oynamalı və ardıcıl olaraq yumşaldıcı addımlar atılmalıdır. İqtisadiyyatda generasiya gücünün transferi belə tələb edir.

Növbəti ildə gəlir siyasəti yenə də bir sıra sosial xarakterli güzəştlər etməklə əhalinin, həmçinin sahibkarlıq subyektlərinin vergi yükünü azaltmaq və sahibkarlıq fəaliyyətini təşviq etmək istiqamətində həyata keçiriləcək. Bu isə bir müddət dövlət büdcəsi gəlirlərinin bir hissəsindən "imtina etmək" deməkdir. Ölkədə hələ ilk dəfə böyük vergi islahatları keçirilən 2019-cu il ərəfəsində Maliyyə naziri Samir Şərifov qeyd etmişdi ki, güzəştlərin tətbiqi və vergi yükünün azaldılması büdcə gəlirlərinin müəyyən müddət ərzində itirilməsi ilə nəticələndiyindən, kifayət qədər cəsarətli addım sayılır. Hər hökumət buna getmir.

Digər tərəfdən isə, büdcə-vergi siyasətində dəyişikliklərə həmişə ehtiyac var və odur ki, hökumət özü bu məsələdə maraqlıdır. Ancaq bu dəyişikliklər yumşalma ehtiva etdiyindən, hər dəfə mümkün sayılmır, bunu necə və nə vaxt gəldi etmək də olmur. Ona görə də qeyd olunan məsələ düşünülmüş və ölçülü-biçili yanaşma tələb edir. Sonuncu dəfə bu cür yumşaltmalar və vergi dəyişiklikləri 2019-cu ilin yanvarın 1-dən tədbiq edilmişdi.

“Yumşaltmalar” dedikdə, dəyişikliklərin heç də hamısı məhz bundan ibarət olmamışdı. Ümumən 300-ə yaxın dəyişiklik edilmişdi ki, bunun nəticəsində də elə həmin ildən dövlət büdcəsinin gəlirləri artmağa başladı, qeyri-leqal dövriyyə daraldı, şəffaflaşma prosesi genişləndi, kölgə iqtisadiyyatı kiçilməyə doğru istiqamət götürdü və sair. Bütün bunlar isə minimum əmək haqqını və pensiya məbləğini artırmağa imkan verdi, sosial istiqamətdə maliyyələşdirməni genişləndirmək üçün əlavə şərait yaratdı.

Son 5 ildə ölkədə əhalinin gəlirlərinin bir neçə dəfə artmasında və bu gün minimum əməkhaqqının 350 manata yaxın, pensiyanın isə 280 manat təşkil etməsində həmin dəyişikliklər əsas rol oynayıb və oynayır. Axırıncı 5 ildə dörd milyondan çox vətəndaşı əhatə edən sosial layihə həyata keçirilib. Sosial sferada, məşğulluq sahəsində böyük uğurlar əldə edilib. Sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqıda 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə artım baş verib. Median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,5 dəfə, orta aylıq pensiya 2,1 dəfə artıb. Sosial layihələr üçün dövlət büdcəsindən ayrılan 7 milyard manata yaxın vəsait məşğulluq, sosial və əmək məsələlərinə yönəldilib.

Ümumiyyətlə, büdcə-fiskal siyasətində belə dəyişikliklərə həmişə ehtiyac var. İqtisadiyyatın inkişafını tənzimləyən vergi və rüsum siyasətidir. O, daim təkmilləşdirilməlidir. Əhalinin gəlirlərinin artmasına yalnız bu vasitəylə nail olmaq mümkündür.

Növbəti ildə hansı güzəşt və yumşaldılmaların tətbiq ediləcəyi hələ konkret məlum deyil. Ancaq hesab edirəm, yeni ildən tətbiq olunacaq vergi və rüsum stimullaşdırmaları da 5 il öncədəki kimi əhalinin sosial müdafiəsinin effektli təminatı baxımından böyük əhəmiyyət daşıyacaq.

Sözün qısası, əsas məsələ büdcənin həcmi və onun əvvəlki ildəkindən nə qədər çox olacağı deyil, gəlir və xərcləri baxımından effektivliyi - səmərəliliyidir.


Pərviz Heydərov
Azvision.az üçün

Banklardakı əmanətlər niyə azalır | TƏHLİL
Səngimiş inflyasiya yenidən alovlana bilərmi? – TƏHLİL


Teqlər: Büdcə  





Xəbər lenti